Alış Qasımov
Qasımov Alış Məmiş oğlu (1960, Milabad, Jdanov rayonu) — hüquq elmləri doktoru, professor, Hüquq elmləri doktoru, Mülki proses, əmək və ekologiya hüququ kafedrasının müdiri.
1960-cı ildə Beyləqan rayonunun Milabad qəsəbəsində anadan olmuşdur.
1982-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinin axşam şöbəsinə daxil olmuş və 1988-ci ildə oranı "Hüquqşünaslıq" ixtisası üzrə bitirmişdir.
1979-cu ilin aprelin 20-dən 1981-ci ilin iyunun 6-dək Sovet Ordusu sıralarında xidmət keçmişdir.
1988-ci ilin iyulun 11-dən 1989-cu ilin fevralın 20-dək Bakı şəhəri Əzizbəyov rayon xalq məhkəməsində kuryer, kargüzar və dəftərxana müdiri vəzifələrində işləmişdir.
1989-cu ilin fevralın 21-dən taleyini Bakı Dövlət Universitetinin Hüquq fakültəsi ilə bağlamış, metodist, müəllim, baş müəllim, dosent, dekan müavini vəzifələrində işləmişdir.
1991-ci ildə istehsalatdan ayrılmadan ADU-nun Mülki proses, əmək və ekologiya hüququ kafedrasının aspiranturasına daxil olmuşdur.
1995-ci ildə AR Prezidenti yanında AAK-nın qərarına əsasən kafedranın dosenti elmi adına layiq görülmüş, 2004-cü ilin dekabrından isə kafedranın professoru seçilmişdir.
2002-ci ilin fevralın 18-dən bu günə kimi Mülki proses, əmək və ekologiya hüququ kafedrasına rəhbərlik edir.
Professor A. M. Qasımov Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası "Dövlət və hüquq" bölməsinin katibi, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Hüquq elmləri üzrə Ekspert Şurasının üzvü, Azərbaycan Respublikası Ali Məhkəməsi yanında Elmi-məsləhət Şurasının üzvü, AMEA-nın nəzdində Hüquq problemləri əlaqələndirmə Şurasının üzvü, "Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri" adlı elmi-məcmuənin, "Qanun", "Dövlət və hüquq", "Hüquq və gənclik" jurnallarının, Azərbaycan Respbulikası Ali Məhkəməsinin Bülleteninin redaksiya heyətinin üzvüdür.